Azərbaycan Kənd Qadınları Assosiasiyası 2021-ci ilin iyun ayından başladığı “Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi” kampaniyasını davam etdirir. Fermer və sahibkar qadınların şəbəkələşməsi və elektron ticarətə çıxışını asanlaşdırmaq üçün yaradılmış bu platformada qadınlar dövlət proqramları, qeyri-hökumət təşkilatları və özəl sektor tərəfindən rəqəmsallıq təlimləri və avadanlıqlarla təmin olunmaqla bu sahədə zəruri bacarıqlar əldə edə bilirlər.

“AğdamTv” xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “TECHNEST Təqaüd Proqramı” çərçivəsində Ağdam rayonunda fəaliyyət göstərən 30 fermer və sahibkar qadın “Rəqəmsal savadlılıq” təlimlərində iştirak edib. Rayonun Quzanlı və Dördyol qəsəbələrində, Rzalar və Zəngişalı kəndlərində yaşayan və müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edən qadınlar təlimlər zamanı smartfon applikasiyalarından istifadə, öz biznesləri üçün reklam çarxlarının hazırlanması, zoom platformasından istifadə, instaqram və feysbuk vasitəsilə sosial şəbəkələrə çıxış, “Word” və “Excell” kompüter proqramları sahəsində ilkin bacarıqlar əldə ediblər.Azərbaycan Kənd Qadınları Assosiasiyasından bildirilib ki, “Qadınlara rəqəmsallıq sahəsində daha geniş biliklər verilməsi üçün rəqəmsal savadlılıq təlimləri davam edəcək. “Ölkəmizdə kənd təsərrüfatının rəqəmsal inkişafı ilə fermer və sahibkar qadınların rəqəmsal bacarıqları arasındakı boşluğu doldurmaq üçün qaldırılan təşəbbüslərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Kənd Qadınları Assosiasiyasına göstərdiyi dəstək təqdirəlayiqdir. Biz 2021-ci ilin iyun ayında “Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi” Kampaniyasına da bu nazirliyin dəstəyi ilə başladıq”, – deyə assosiasiyanın rəhbəri Gülbəniz Qənbərova bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir