Bu gün Şəhid Polis Natiq Əliyevin Şəhid olduğu gündür.

Natiq Sevindik oğlu Əliyev 20 yanvar 1971-ci il tarixində Ağdərə rayon Sırxavənd kəndində anadan olub.

Natiq Rusiyanın Amur vilayətində hərbi xidmət keçib. Vətənə qayıtdıqdan sonra, Qarabağ müharibələri başlanan zaman Sırxavənd batalyonuna qoşulur. 1992-ci il martın 5-də Qazançı kəndinin ermənilərdən təmizlənməsində Natiq döyüşün önündə gedərək ermənilərin bir tankını və bir neçə silahlısını məhv etdi. Cəsur döyüşçü Naxçıvanik, Xramord, Aranzəmin, Pircamal, Ağbulaq kəndlərində şücaət göstərir. Fərrux kəndi uğrunda gedən döyüşlərin birində həmişə ön xətti olan Natiq ağır yaralandı. Hərbi hospitalda bir müddət müalicə olunduqdan sonra yenidən düşmənlə üzbəüz səngərə qayıdır. 1993-cü ilin fevralında Daşbaşı yüksəkliyi uğrunda gedən qanlı savaşda dörd nəfər silahdaşı ilə birlikdə gizli yollarda düşmən qüvvələrinin arxası ilə keçərək onlara sarsıdıcı zərbələr endirirlər. Natiq Daşbaşı yüksəkliyinə birinci qalxaraq Azərbaycan milli bayrağını əlçatmaz mövqeyə taxdı. Göstərdiyi igidliyə görə batalyon taqım komandiri seçildi.

1993-cü ilin mart ayında Natiq könüllü olaraq Ağdərə RPŞ-də işə qəbul olunur. Marquşevan, Lelinavan, Çaylı, Madakis, Çardaxlı, Akop Kamari, Ortakənd, Dəmirli, Mehmanə, Drombon, Qızılqaya, Çıldıran, Külyataq, Çanyataq, Dovşanlı, Ballıqaya, Aterk, Qozlu, Umuddu və bir sıra başqa kəndlərin erməni quldurlarından təmizlənməsində, əsl qəhrəmanlıq göstərdi.

Ağdərənin azad edilməsində də Natiqin böyük əməyi olmuşdu. 1994-cü ilin may ayının 6-da düşmən böyük qüvvə ilə Ağdərə rayonunun 3 N-li Savxozuna hücumuna keçmişdi. Döyüş ərzində o öz pulemyotu ilə düşmənin 35 döyüşçüsünü və bir texnikasını məhv etmişdi. Bu faktı girovlar dəyişdiriləndə düşmən tərəf bildirib. O, Ağdərənin Həsənqaya kəndi uğrunda gedən döyüşlərdə şəhid olur. Məzarı Bərdə rayonunun Şəhidlər xiyabanındadır.

Təltifləri:

30 iyun 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir