Ağdamın Qarağacı qəbiristanlığı çoxəsrlik tarixə malik müqəddəs bir yerdir. Bir çox tarixi mənbələrdə Qarabağ toponimindən əvvəl Qarağacı toponimi işlədilməsi faktı diqqəti cəlb edir. Buna görə də bəzi tarixçi və arxeoloqlar hesab edir ki, Qarabağın tarixi məhz Qarağacıdan başlayır. Müxtəlif tarixi mənbələrdə bu məkan təkcə qəbiristanlıq kimi yox, xanəgah kimi göstərilir.

Qarağacı da işğal dövründə digər milli mədəni məkanlarımız kimi vandalizmə məruz qalıb. Qarabağın ən qədim qəbiristanlığı demək olar ki, tamamilə dağıdılıb.

Sözsüz ki, Azərbaycanın tarixi yaddaşında yeri olan bu məkanın da bərpası vacibdir. Çünki bu tarixi yaddaşın bərpasıdır, bu kollektiv yaddaşın bərpasıdır.

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarağacı – Kollektiv yaddaşın bərpası” layihəsini həyata keçirir. Layihənin məqsədi bu tarixi məkanın işğaldan əvvəlki dönəmini yaxşı xatırlayan insanların səfərlərini təşkil etmək, onların yaddaşında qalan xatirələri həm yerli, həm də xarici mediaya çıxartmaqla baş verənlərin real mənzərəsini yaratmaqdır.

Layihənin rəhbəri Asəf Quliyevin verdiyi məlumata görə, layihə çərçivəsində görüləcək işlərlə bağlı hazırlıq tamamlanıb. Qarşıdakı günlərdə Qarağacı qəbiristanlığına yerli sakinlərdən ibarət heyətlə ilk səfər nəzərdə tutulub.

Layihə rəhbəri hesab edir ki, bu tarixi məkana daha çox diqqət ayırma lazımdır:

“Bu Qarağacı qəbiristanlığı ilə bağlı bizim ikinci layihəmizdir. Bundan əvvəlki layihə çərçivəsində yerli media və televiziyalarda, Qafqaz ölkələrini əhatə edən platformalarda informasiyalar yayıldı. Eyni zamanda bir tarixçilərin və yerli ekspertlərin iştirakı ilə alternativ hesabat hazırladıq. Bu hesabat müxtəlif kanallarla yayıldı. Bu dəfə isə biz daha çox yerli sakini Qarağacı qəbiristanlığına ziyarətə aparmaqla kollektiv yaddaşın bərpasına çalışacağıq. Məqsədimiz həm də buraya daha çox diqqət ayrılmasını təmin etməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir