Bakıda 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı, Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyətə başlamasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

“AğdamTv” xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşavirliyi tərəfindən təşkil edilən tədbir Heydər Əliyev Sarayında baş tutub.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, müxtəlif təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsinin anılması və hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən səfir Cahit Bağçı Türkiyə Böyük Millət Məclisinin açılışından və Türkiyənin müstəqillik mübarizəsindən bəhs edib:

“Hər kəsi Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm, hər iki qardaş ölkəyə sülh və firavanlıq arzu edirəm.

Bir millət, iki dövlət anlayışımızı bundan sonra da qoruyub yaşadacaq olan uşaqların bayramı mübarək olsun.

Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu arasındakı möhkəm körpülərin davamçıları sizlərsiniz.

Sizlərə vətəninə və millətinə sadiq övlad olaraq böyüməyinizi arzu edirəm”.Proqram Türkiyənin Milli Təhsil Nazirliyinə tabe olan Bakı Türk Məktəbləri, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi və Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyi şagirdlərinin ifasında musiqi, rəqs və səhnəciklərlə davam edib.

Məktəblilərin ifasında xalq oyunları nümayiş etdirilib.

Əllərində Türkiyə və Azərbaycan bayraqları olan uşaqların ifa etdikləri mahnıları qonaqlar da müşayiət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir