Şuşa şəhər xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunacaq.

“AğdamTv”nin xəbərinə görə, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə bu ilin yanvarında başlanılıb.

Xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.

Xatırladaq ki, Şuşa şəhər xəstəxanasının təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Qeyd edək ki, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə tanış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir