Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tovuz rayonun Bayramlı kəndində ananın yataq xəstəsi olan uşağı ilə birlikdə daxmada acınacaqlı vəziyyətdə yaşaması barədə yayılan məlumatlara münasibət bildirib. 

Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə haqqında məlumat yayılan Tovuz rayonunun Bayramlı kənd sakini Sahibə Alıyevanın mənzil şəraitinə agentliyin əməkdaşları tərəfindən baxış keçirilib:

“Vətəndaşla söhbət zamanı məlum olub ki, Sahibə xanımın üç övladı var. Bir övladına hər ay əlilliyə görə 200 azn məbləğində müavinət, Sahibə xanıma əlil övladına qulluğa görə 100 manat Prezident təqaüdü, qızlarına isə ailə başçısını itirməyə görə ayrılıqda aylıq 120 manat olmaqla, ailəyə dövlət tərəfindən hər ay 540 manat ödəniş həyata keçirilir”.

“Ailənin əsas istəyi mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı dəstəyin göstərilməsidir. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, ailənin mənzillə təminatı Sosial Xidmətlər Agentliyinin səlahiyyətində deyil”, – deyə o əlavə edib. 

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Tovuz rayonunda ana qızları ilə birlikdə daxmada acınacaqlı vəziyyətdə yaşaması barədə görüntülər yayılıb. 

Güclü yağış yaşayış səviyyəsi aşağı olan ailənin vəziyyətini daha da acınacaqlı hala salıb.

Görüntülərdə onların qaldıqları yerin divarlarının dağıldığı, yağışın birbaşa otağa yağdığı, yaşamaq üçün heç bir şəraitin olmaması aydın görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir