Xankəndi şəhər stadionunda davam edən təmir-bərpa işləri artıq sürətləndirilib. Sosial şəbəkələrdə yayılan videolarda stadiondakı skamyaların sökülməsini və digər təmir işlərinin aparılmasını mütəmadi olaraq diqqətinizə çatdırırıq. Hazırda da arenada çalışmalar davam edir və işlərin ən qısa zamanda yekunlaşması nəzərdə tutulub.

Çalışmaların fasiləsiz davam etməsinin xüsusi səbəbi var. Belə ki, ilin sonuna qədər “Qarabağ”ın Premyer Liqadakı ev oyunlarının birini Xankədidə keçirməsi nəzərdə tutulub.

Əldə etdiyimiz məlumata görə, Ağdam təmsilçisi 2023-cü ilin son görüşünü Xankəndidə oynayacaq. Bu, Premyer Liqanın 18-ci turuna təsadüf edir.

Həmin tur “Köhlən atlar” səfərdə “Zirə” ilə qarşılaşmalı olsa da, Peşəkər Futbol Liqası təqvimdə dəyişiklik edəcək. “Qarabağ” – “Zirə” matçı Ağdam klubunun ev sahibliyi ilə Xankəndi şəhərində baş tutacaq.

Bu görüşün dekabrın 22-24 tarixləri aralığında keçirilməsi nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir