Füzuli şəhərinin inzibati ərazisinin 1 943 hektara, əhalisinin 50 000 nəfərə çatacağı nəzərdə tutulur.

“AğdamTv” xəbər verir ki, bu barədə işğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş Planında qeyd edilib.

Baş Planda rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması təklif edilir.

“Planda sakinlərin və sahibkarların rifahı üçün rəqəmsal həllərdən istifadə etməklə ənənəvi şəbəkələrin və xidmətlərin daha səmərəli edilməsi məqsədilə “ağıllı şəhər” yanaşması irəli sürülüb”, – deyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov bu gün Füzuli Beynəlxalq Hava Limanında Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclasında bildirib.

Onun sözlərinə görə, bu yanaşmada elektron idarəetmə sistemlərinə tam keçid, müasir texnologiyalar üzrə peşəkar kadrların hazırlanması, yaşayış evləri, təhsil, səhiyyə və digər xidmətlər sisteminin optimal əlaqələndirilməsi və digər mühüm mövzular öz əksini tapır:

“Digər yanaşma – “Blue zone” isə insanların sağlam və uzunömürlü yaşamaları üçün şəraitin yaradıldığı şəhər hissələridir ki, bu sahələrdə şəhər parkı da daxil olmaqla böyük açıq və yaşıllıq ərazilər yerləşdirilib. Şəhərin digər hissələri ilə bu ərazi arasında olan əlaqələr yaşıl koridorlar vasitəsilə təmin edilib”.

Qeyd edək ki, Baş Plan 2040-cı ilə qədərki inkişaf dövrünü əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir