Övladım siqaret çəkir. Oğlum pis davranışlar edir. Qızım hələ bu yaşda bəzənmək istəyir…

Hə, bu sözlər yəqin ki, çox valideynin dilindən eşitmisiniz. Əsas da övladının yaşı 15-17 aralığında olan və yeniyetməlik dövrün keçən uşaqların valideynləri çox vaxt bu hallardan şikayətlənir. 

Hətta nəzər yetirsək, DİM-nin keçirdiyi sonuncu imtahanda şagirdlərin yoxlanışı zamanı üzərilərindən kəsici deşici alətlər, təsbeh, elektron qəlyan aşkar edilib. 

Burdan bir sual ortaya çıxır. Yetkinlik dövrünü yaşayan şagirdləri bu cür addımlardan necə qorumaq lazımdır?

“Agdam tv” xəbər verir ki, məsələ ilə bağlı lent.az-a danışan psixoloq Vəfa Rəşidova deyir ki, bu problem ailədən qaynaqlanır: 

“Son zamanlar həddindən artıq aktual məsələyə çevrilib. Yeniyetmələrin həyat tərzinin dəyişməsi bu tip hallara meylliyi artırır. Amma mən deyərdim ki, bu halların yaşanması ailə münasibətlərindən başlayır. Valideyn övlada kömək etməlidir ki, bu hallar yaşanmasın. 

Yeniyetmə uşağın çantasından küt alətlər, elektron qəlyan, siqaret niyə çıxır? Bu haradan qaynaqlanır? 

Öncə bu suallara cavab tapmaq lazımdır. Bunun qaynağı odur ki, yeniyetməlik yaş dövründə komplekslər həddindən artıq çox olur. Bu kompleksi tənzimləmək olur. Amma ailə üzvləri bu kompleksləri çoxaldıb, nalayiq sözlər, heç nə bacarmadığını deyəndə öz güvənləri aşağı enir. Nəticədə uşaq başlayır özünü belə addımlarla təsdiqləməyə. Əgər bir uşaq özünü evdə şəxsiyyət kimi görmürsə, təsdiq etmirsə, başlayır çöldə bunları etməyə. Yəni mən güclüyəm, artıq böyümüşəm, siqaret çəkə bilərəm. 

Təbii ki, bunlar doğru forma deyil. Daha da özgüvənsizlik yaradır. Özlərini bunları edirlər deyə aldadırlar. Dediyim kimi, çox təəssüf olsun ki, bu şəraiti yaradan valideynlərdir. Onlar anlamalıdırlar ki, övladlara nəyi qadağan edirsizsə, ona tərəf yönələcəklər. Valideynlər hər daima uşaqlarına inandıqlarını, şəxsiyyət olduqlarını deməlidirlər”.

Burada digər bir məsələ elektron qəlyanların sağlamlığa təsiri ilə bağlıdır. Bəzi insanlar özlərini aldadaraq “mən siqaret çəkmirəm” deyib, elektron qəlyandan istifadə edirlər. 

Bəs, onların yeniyetmələrin sağlamlıq durumuna təsiri necədir?

Məsələ ilə bağlı danışan terapevt Abbas Bağırov bildirib ki, elektron siqaret və qəlyanlardan istifadə oksigenin qanda daşınmasını kəskin azaldır:

“Cəmiyyətdə elektron siqaretlərin indiyə qədər istifadə olunan tütün və tənbəkindən alınmış siqaretlərdən daha təhlükəsiz olması kimi düşüncə var. Fəqət, reallıq heç də belə deyil. Çox təəssüf edirəm ki, elektron siqaretlər barədə bu fikirlərin formalaşması marketinqinin daha geniş auditoriyaya yürüməsinə səbəb olur. Nəticədə daha azyaşlı insanlar arasında maraq oyadır. 

Yeniyetmələrin elektron siqaretlərdən istifadəsinə çox vaxt yaşlı nəsil ciddi yanaşmır. İnsanlar düşünür ki, tütündən hazırlanmadığı üçün sağlamlıq üçün zərəri yoxdur. Amma belə deyil. 

Amerika alimlərinin 2019-cu ildə apardığı tədqiqatlar onu göstərdi ki, elektron siqaretlərin mənfi təsiri adi siqaretlərdəki qədərdir. Məlum oldu ki, elektron siqaretlərdən istifadə arterial damarların kəskin zədələməsi ilə nəticələnir. Hansı ki, arterial sistemin zədələnməsi adi siqaretdə bu qədər olmur. Eyni zamanda, oksigenin qanda daşınması kəskin azalır. Bundan əlavə, sinir, immun və tənəffüs sistemlərinin gedişatını pozur. Heç kim elektron siqaretlərin zərərsiz olduğunu düşünməsin”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir