Rusiya-Ukrayna müharibəsində Moskvanın üzləşdiyi uğursuzluqlar silsiləsi onun regiona təsir imkanlarını zəiflədir.

Rusiya bununla da ortamüddətli və daha uzaq gələcək üçün əməli fəaliyyətlərini müəyyən etməkdə çətinlik çəkir.

Kremlin Ukraynadakı strateji maraqlarını təmin edə bilməməsi və ya bunun xeyli ləng getməsi Qərbin Cənubi Qafqazdan tutmuş Mərkəzi Asiyada, buradan da böyük mənada Avrasiya materikində yeni mövqelər qazanmasına şans yaradır.

Qərb, məxsusi olaraq ABŞ-Böyük Britaniya ikilisi, bu şansı dəyərləndirmədikcə Rusiya özünün buraxdığı boşluqlara Çinlə həmrəylik prinsipi ilə dolacaq.

Ukraynadakı müharibənin nəticələri Rusiya və Qərbin ambisiyalarında maraqlı dönüş nöqtəsi ortaya çıxara bilər. Rusiya qalib gəlsə, Avrasiya məkanındakı nüfuz zolaqlarını genişlədəcək və Qərbin sıxışdırılmasını Moskva ideyalarına xas nizam qurmaq cəhdləri ilə paralel şəkildə həyata keçirəcək.

Yox, əgər Ukrayna Rusiyanı məğlubiyyətə uğratsa, bu, NATO-nun genişlənmə kursunu fövqəladə dərəcədə sürətləndirəcək və Moskvanın regionla əlaqədar yüzillərdir formalaşdırdığı ideologiyanın rəsmi iflası elan olunacaq.

Qısası, Ukraynadakı müharibə yeni qırılma xəttinin, əsasən, şərqə – Asiyaya uzanacağını müəyyənləşdirəcək.

Rusiyanı çətinə salan problemlərdən biri də hakimiyyət daxilindəki çoxtirəliliyin Ukraynadakı müharibə fonunda aşkar görünməsidir. Bu, ABŞ-Böyük Britaniya kəşfiyyatlarının Rusiyanın daxilinə sızmış şəbəkəsinin aktivliyinə müsbət təsir göstərir, beləcə, Moskva kəşfiyyat cəbhəsində də uğursuzluq zolağına daxil olur.

Ancaq proseslərə nöqtə qoyulmayıb və mübarizə bütün şiddəti ilə davam etdikcə bunun neqativ sorağı müxtəlif diyarlara gedib çıxacaq.

Hər şey ritorika ilə reallıqların nə qədər üst-üstə düşməsindən asılıdır, lakin hiss olunan budur ki, Rusiyanın beynəlxalq inkişafa baxışı dəyər qazana bilməyəcək.

Buradan belə nəticə çıxır ki, Rusiya Ukraynada qalib olsa da, məğlub edilsə də, postmünaqişə sivilizasiyası formalaşdırmaqdan məhrum olacaq.

Rusiya diktələr və ənənəvi üsullarına Çinin müttəfiqlik nəfəsini verməyə çalışır, ancaq burada da strateji mənada qazanan rəsmi Pekindir.

Çin indi nəhəng geostrateji layihələrini təkcə iqtisadi alətlərlə deyil, siyasi təsir vasitələri yaratmaqla irəlilədir. Pekinə həm Qərblə, həm də Rusiya ilə eyni anda mübarizə çətindir, ona görə də o, Moskvanı ortamüddətli hədəfi üçün vasitə kimi nəzərdən keçirir.

Pekinin İranla Səudiyyə Ərəbistanı arasındakı etibarlı moderatorluğu münaqişəli regionlarda münsiflik statusu qazanması üçün unikal şansdır. İstər-istəməz Çinin artan və sürətlə şişən əzələlərinin Cənubi Qafqaza fokuslanan tərəfləri aktivlik qazana bilər.

Çinin Cənubi Qafqazda yeni statuslu oyunçuluğu onun Yaxın Şərq və Mərkəzi Asiya regionlarında Qərbi sıxışdırmaq planlarının tərkib hissəsi kimi qavranıla bilər. Burada Çinin təkbaşına və Rusiya ilə birgə etdiyi hərəkətlərinin sərhədlərini təyin etmək çətindir, lakin ümumilikdə qlobal mübarizənin əsas qalibi kimi Pekinin üzərinə fokuslanmaq olar.

Çin Cənubi Qafqazda, onsuz da, mövcuddur, lakin bunun siyasi cəhətlərini inkişaf etdirmək lazımdır və Azərbaycan prinsipcə bu məsələdən narahat deyil.

Prezident İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda (yeri gəlmişkən, bu konfransdakı çıxışlar nəhəng materiki əhatə edən proqramlara yanaşmalar toplusudur) Çinin moderatorluq qabiliyyətini yüksək qiymətləndirdiyini deyib. Düzdür, Əliyev bu fikrini Çinin İran-Səudiyyə Ərəbistanı münasibətlərindəki rolu fonunda səsləndirib, ancaq ardınca dediyi bir fikir, yəni Bakı ilə Pekinin əlaqələrini əla olaraq xarakterizə etməsi daha böyük maraq doğurur.

Azərbaycanın Səudiyyə Ərəbistanı ilə də münasibətləri yaxşıdır, yəqin ki, Bakı Ər-Riyad ilə Pekin əlaqələrinin dinamikasını diqqətlə izləyəcək.

Bunlar Rusiya-Ukrayna müharibəsinin yaratdığı dekorasiyadır, indi bunun hara qədər gedəcəyi və Cənubi Qafqaza təsirləri strateji araşdırma mövzusu olmalıdır.

Cənubi Qafqazdakı səhifələrin sətirləri geniş mənada böyük oyunçuların qlobal lövhədəki gedişlərinə təsir edəcək və bunun təzahürləri getdikcə aydınlaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir