Ramazan ayı bir ay müddətində yeyib-içməkdə müəyyən məhdudiyyətləri gözləməklə yanaşı, digər zərərli vərdişlərdən də əl çəkməyə imkan yaradır. Lakin tütün aludəçiləri olanlar iftarlarını açdıqdan dərhal sonra dalbadal siqaret çəkirlər. Mütəxəssislər bildirirlər ki, bu hal infarkt riskini təxminən on dəfə artırır.

“Agdam tv” AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-allerqoloq Ramin Nəriman bununla əlaqədar deyib: “Yeməkdən əvvəl çəkilən siqaret daha çox həzm traktına, mədənin selikli qişasına təsir edir, onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Siqaretin nə vaxt və hansı fasilədən sonra çəkilməsindən asılı olmayaraq, hər zaman orqanizmə neqativ təsir göstərir”.

Tütün məhsulları bütün orqan toxumalarını, ən tez və ən çox da ürək-damar, tənəffüs sistemlərini, ciyərləri, mədə-bağırsağı və böyrəkləri sıradan çıxarır.

“Siqaretin yaxın və uzaq fəsadları var. Yaxın fəsadlar siqareti çəkəndən dərhal sonra başlayır və damar daralmasına səbəb olur. Siqaretin uzunmüddətli təsiri ondan ibarətdir ki, damar divarının kirəcləşməsi ilə nəticələnir, orqan toxumalarının qidalanmasının pozulmasına, immun sisteminin fəaliyyətinin zəifləməsinə və digər xəstəliklərin yaranmasına münbit şərait yaradır”, – deyə həkim-allerqoloq bildirib.

İftar yeməyindən sonra gün boyu ac qalanların ürək döyüntüləri sürətlənir. Bu zaman siqaret çəkəndə qanda qatılaşma yaranır, damarlarda təzyiq artır. İftardan dərhal sonra çəkilən siqaret infarkt və damar tıxanıqlığı, beyin qanamasına səbəb ola bilər. Ona görə də siqaret aludəçiləri Ramazan ayında daha çox diqqətli olmalıdırlar. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir