İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən instrumental müayinələrin aparılması üçün 40 şüa diaqnostika avadanlığı alınıb.    

“Ağdam tv” xəbər verir ki, agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, yeni avadanlıqlar müxtəlif növ travma, zədələnmə və xəstəliklərin yüksək keyfiyyətli diaqnostikasını həyata keçirmək qabiliyyətinə malikdir:

“İcbari tibbi sığorta çərçivəsində əhaliyə vaxtında tibbi xidmətlərin göstərilməsini təmin edən,  xidmətlərin keyfiyyətinin artırılmasına imkan verən vacib faktorlardan biri də tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsidir. Bu il ərzində ortopedik, uroloji, qastroentoloji, travmatoloji əməliyyatlarda və digər mürəkkəb cərrahi prosedurlarda istiqamət verən 7 ədəd əməliyyatxana daxili rentgenoskopiya avadanlığının (C-arm rentgen aparatı) həkimlərin istifadəsinə verilməsi planlaşdırılıb.  Həmçinin  süd vəzi xəstəliklərini erkən mərhələdə aşkarlamağa imkan verən 2 ədəd rəqəmsal mamoqrafiya cihazı da alınmışdır. Bununla yanaşı, xəstəxanalara 24 ədəd stasionar və portativ rentgen aparatı, 6 ədəd flüroskopiya cihazı paylanılacaq”. 

Qeyd olunmalıdır ki, ənənəvi rentgen cihazlarından fərqli olaraq rəqəmsal rentgen avadanlıqları müayinə zamanı yüksək keyfiyyətli görüntü əldə etməyə imkan yaradır. Ehtiyac olduqda görüntünü böyütmək olur, bu isə həkimə xırda detalları belə görməyə və yüksək dəqiqliklə dəyərləndirmə aparmağa imkan verir. Bu da təkrar müayinənin keçirilməsini minimuma endirir. Portativ rentgen cihazları əsasən reanimasiya və stasionarda müalicə alan pasiyentlərin, həmçinin rentgen kabinetinə gətirilməsi tibbi cəhətdən təhlükəli olan pasiyentlərin müayinəsi üçün nəzərdə tutulub.

1 ədəd sümük densitometri alınıb. Bu cihazla sümüklərin mineral sıxlığı ölçülür, sözügedən müayinə densitometriya adlanır. Travmatologiya-ortopediya sahəsində istifadə olunan vacib müayinə üsulu Xidmətlər Zərfinə daxildir.  Başlıca olaraq patoloji sümük sınıqları riskləri yüksək olan osteopeniya və ya osteoporozun diaqnostikasında istifadə olunur. 

Qeyd edək ki,  Agentlik tərəfindən 2022-ci ildə ümumilikdə 108 adda  1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Bunlar dövlət tibb müəssisələrində  ambulator və stasionar şəraitdə tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq. 

Dövlət tibb müəssisələrinin müasir diaqnostik avadanlıqlarla mərhələli şəkildə təchizatı tibbi xidmətlərə əlçatanlığı təmin edəcək. Yeni alınmış avadanlıqlar vətəndaşların yaşadıqları yerə yaxın ərazidəki dövlət tibb müəssisəsində icbari tibbi sığorta çərçivəsində instrumental müayinələrdən keçmələrinə imkan yaradacaq. Məlumat üçün bildirək ki, bəzi tibb müəssisələrində instrumental müayinələrin aparılması üçün lazımi avadanlıqların olmaması səbəbindən bu müayinələr vətəndaşlara göndəriş vərəqəsi əsasında digər tibb müəssisələrində göstərilir. 

Avadanlıqların 2023-cü il ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin ehtiyaclarına uyğun təhvil verilməsi nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir