Aprelin 11-də “Heydər Əliyev” çərçivəsində Heydər Əliyev fondunun təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar

Cəmiyyətinin (QSC) dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan Gəncə Autizm Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

“Ağdam tv” xəbər verir ki, dünya Autizm Maarifləndirmə ayında təşkil edilən tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinin müavini Xəyyam Fərzəliyev, Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov layihənin Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu zəngin mənəvi irsin təşviqi, Azərbaycan dövlətinin uşaq və gənclərin inkişafı ilə bağlı yürütdüyü ardıcıl və məqsədyönlü siyasətin dəstəklənməsi, xüsusilə bölgədə həssas kateqoriyalardan olan vətəndaşlarımızın hərtərəfli qayğı ilə əhatələnməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

İqtisadiyyat nazirinin müavini S.Ələkbərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial yönümlü dövlət siyasətinə töhfə vermək məqsədilə yaradılan Gəncə Autizm Mərkəzinin Gəncə şəhəri və ətraf bölgələrdə autizm spektr pozuntusu olan uşaq və yeniyetmələrin fərdi inkişafına xidmət edən nəcib təşəbbüs olduğunu diqqətə çatdırıb.“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev Ümummilli Liderin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər sahədə olduğu kimi uşaq və gənclərlə bağlı dövlət siyasətinin də uğurla davam etdirildiyini, bu siyasətə ən böyük dəstəyin isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən verildiyini qeyd edib. Gəncədə Autizm Mərkəzinin yaradılması təşəbbüsünün də Heydər Əliyev Fonduna məxsus olduğunu qeyd edən X.Fərzəliyev əlavə edib ki, layihənin əsas məqsədi autizm spektr pozuntularına malik olan uşaqları aşkarlayaraq, onlarda bu pozuntuların təzahür xüsusiyyətlərini öyrənmək, psixodiaqnostik və psixokorreksiya işi təşkil etməklə müsbət dəyişmələrə nail olmaqdı. Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği  şöbəsinin müdiri Cəmil Əliyev isə bildirib ki, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uşaq, yeniyetmə və gənclərin inkişafı ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlər yeni nəslin fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyüməsinə xidmət edir. O qeyd edib ki, bu məqsədlə icra olunan layihələr sırasında autizmli şəxslərin fərdi inkişafının dəstəklənməsi prioritetlər sırasındadır. 

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova layihə barədə geniş məlumat verərək, Gəncə şəhəri ilə yanaşı, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Tovuz rayonlarında autizm spektr pozuntulu şəxsləri və onların ailələrini əhatə edən layihə çərçivəsində risk qrupuna aid edilən, xüsusi təhsil dəstəyinə ehtiyacı olan uşaqların müəyyənləşdirildiyini, onlara yerli və beynəlxalq mütəxəssislər tərəfindən müvafiq təlimlərin keçirilməsinə başlanıldığını bildirib.

Daha sonra qonaqlar Gəncə Autizm Mərkəzində məktəbəqədər təhsil, ixtisasəldəetmə, özünüidarəetmə və müstəqil davranış bacarıqlarına yiyələnmə kimi ehtiyaclara uyğun olaraq uşaqlar üçün tam ödənişsiz əsaslarla təşkil edilən təlim və bərpa prosesi ilə tanış olublar. Mərasim Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva və autizmli gənc pianoçu Əlisahib Bayramovun ifaları ilə davam edib. Daha sonra qonaqlar autizmli uşaqların rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir