“Agdam tv” xəbər verir ki, mütəxəssis 51 yaşını tamamlayır.

Peşəkar Futbol Liqası Qurbanovun ad günü ilə bağlı qısametrajlı film hazırlayıb. Filmdə çalışdırıcının fikirlərinə də yer verilib.

Qurban Qurbanov bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra yeni arzu barədə düşünməyib:

“Son bir neçə ildə bir arzum var idi. İstəyirdim ki, mən “Qarabağ”da ola-ola torpaqlarımızı azad edək. Bu arzu həyata keçəndən sonra yeni arzu barədə fikirləşməmişəm”.

“Qarabağ”ın baş məşqçisi xarakterinin formalaşmasında ailəsinin böyük rolunun olduğunu bildirib:

“Zaqatalada doğulub boya başa çatmışam. Mühit çox önəmlidir. Ailə hansı xarakterdə olursa, övlad da o xarakterdə böyüyür. Sonra məktəb, ətraf, dost-tanış gəlir. Əziyyətdən çəkinməməyimdə ailəmin böyük rolu olub. İllər boyu valideynlərim günün 10-12 saatını sovxozda işləyirdilər. İnsanın yaxını, əzizi dünyasını dəyişəndə düşünürsən ki, 2-3 il də yaşayardı, hər şey fərqli olardı. Nələr də etsək, anamızın haqqını verə bilmərik”.

Qurban Qurbanov futbola gəlməyində qardaşı Musa Qurbanovun böyük rolunun olduğunu söyləyib:

“Futbola gəlişimdə, yetişməyimdə, futbolda zəhmətkeş olmağımda Musanın hədsiz dərəcədə böyük rolu var. O, mənə qarşı tam fərqli mövqe tuturdu. Anam oxumağımızı, ali məktəb bitirməyimizi istəyirdi. Musa evdəkilərin hamısını razı saldı ki, Qurban futbolda olsun, buna daha çox vaxt ayırsın. Demək olar, bütün gününü mənə sərf edirdi, bəlkə də, onunla ayrı saatımız yox idi. Musanın haqqını vermək mənim üçün çətindir”.

Çatışmayan cəhətlərinin çox olduğunu söyləyən Q.Qurbanov işində daim məsuliyyətli olmağa çalışdığını qeyd edib:

“Özümü ideal saymıram. Çatışmayan cəhətlərim çoxdur. Həyatda, işdə, dostluqda… Bəzən bilməyərəkdən səhvlər edirik. İnsan təcrübə topladıqca, formalaşdıqca sadəcə səhv etməməyi düşünür. Bu gün “Qarabağ”da mənə güvənir və inanırlarsa, işimi layiqincə yerinə yetirməli, məsuliyyətli olmalı, inamı itirməməliyəm. Eləcə də ailədə, vətən üçün eyni şey keçərlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir