Aprelin 18-də respublikanın bir sıra rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verilib.

“AğdamTv” AZƏRTAC-a istinadən xəbər verir ki, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam Muğam Mərkəzində keçirilən festivalın ilk günündə üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə fortepiano ifaçıları mübarizə aparıb. Hər bir iştirakçı dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

Festivalın münsif heyətinə hər nominasiya üzrə üç nəfər mütəxəssis cəlb olunub. Festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. İkinci mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, aprelin 17-də respublika üzrə ilkin olaraq 30 müəssisədə birinci mərhələyə start verilib. Ümumilikdə isə festival tədbirləri 121 mədəniyyət müəssisəsində gerçəkləşəcək. Üç turdan ibarət, 21 nominasiyada (ifaçılıq, rəssamlıq, heykəltaraşlıq, bədii qiraət, aktyorluq, rəqs, dekorativ-tətbiqi sənət və sair) keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək insan qatılıb.

Festivalın əsas məqsədini ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, incəsənət sahəsində yeni istedadların üzə çıxarılması, bədii-estetik zövqün formalaşdırılması, habelə regionlarda mədəniyyət infrastrukturunun canlandırılması təşkil edir.

Festivalın final mərhələsi sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş, fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir