Azərbaycan Premyer Liqasında XXX turun “Sabah” – “Qarabağ” oyunu çempionluğun erkən elan edilməsi baxımından vacib matç olacaq.

“AğdamTv”nin məlumatına görə, Ağdam klubu əsas rəqibi ilə cari mövsümdəki dördüncü duelindən qalibiyyətlə ayrılacağı təqdirdə, qızıl medalları böyük ölçüdə təmin edəcək.Çünki belədə komandalar arasında xal fərqi 15-ə yüksələcək. Son 6 turda bu fərqi aradan qaldırmaq isə möcüzə olar.

“Sabah” bu mövsüm “Qarabağ”ın çempionluq yarışında əsas rəqibi hesab olunsa da, komandalar arasındakı oyunların nəticələri bunun əksini deyir. Murad Musayevin rəhbərlik etdiyi bakılılar indiyə qədər Ağdam təmsilçisi üzərində qələbənin nə demək olduğunu bilmirlər.

2018/2019 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” geridə qalan 5 il ərzində ölkə çempionatında 18 dəfə Qurban Qurbanovun komandası ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi bunun yalnız 6-da heç-heçə etməklə öyünə bilib. Digər 12 qarşılaşma ağdamlıların qələbəsi ilə yekunlaşıb.

Aprelin 16-da “Qarabağ”ı qonaq edəcək Bakı klubunun bu rəqib önündə ev nəticələri daha uğursuzdur. “Sabah” doğma arenasında “Qarabağ”la 8 dəfə üz-üzə gəlib ki, bunun 2-də heç-heçə edib, 6 dəfə meydandan məğlub ayrılıb. Ev matçlarındakı top fərqi də “Sabah” üçün acınacaqlı mənzərəni ortaya qoyur – 3:13. “Qarabağ” son iki səfər qarşılaşmasında qapısından top buraxmayıb. “Sabah” axırıncı dəfə 18 ay əvvəl – 2021-ci ilin oktyabrında “Bank Respublika Arena”da güclü rəqibini mərkəzə dəvət etməyi bacarıb.

“Qarabağ” 12 qələbədən üçündə rəqibini böyük hesabla üstələyib. İlk belə nəticə 2019-cu ildə ev matçında (3:0) qeydə alınıb. Qurban Qurbanovun yetirmələri 2021-ci ilin mayında səfərdə 4 cavabsız qolla yendiyi rəqibinə həmin ilin dekabrında evdə 5:1 hesabı ilə qalib gəlib.

“Sabah” cəmi bir dəfə “Qarabağ”la qarşılaşmada 1-dən çox qol vurub. Bu da cari mövsümün ilk dövrəsinə təsadüf edib. Murad Musayevin komandası 3 dəfə rəqibi mərkəzə dəvət etsə də, yekunda 3:4 hesablı məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, aprelin 16-dakı “Sabah” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir