Avstriya mətbuatı uzun illərdir eyni komandanı çalışdıran məşqçilərin siyahısını tərtib edib.

“AğdamTv” xəbər verir ki, “Laola1” portalı həmin siyahıya “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da adını daxil edib. 25 nəfərlik siyahıda Ağdam klubunun çalışdırıcısı 5-ci yerdədir. Avstriyalı həmkarlarımız onun haqda bunları yazıb:

“Sadəcə toxunulmaz olan əfsanələr var. Onlardan biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. O, 1992-ci ilin sentyabrında Azərbaycan millisinin ilk beynəlxalq oyununda meydanda olub. 2006-cı ilə qədər milli komandada çıxış edib və indi də onun bombardiridir. 2008-ci ildən “sükanı arxasına” keçdiyi “Qarabağ”da 50 yaşlı mütəxəssis dəfələrlə sensasiyaya səbəb olub, hətta Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrına kimi o, həm də Azərbaycan yığmasına rəhbərlik edib.

Siyahıda lider isə 1982-ci ildən İtaliyanın “Virtus Verona” klubunun baş məşqçisi, onun sahibi Luici Freskodur. İlk üçlüyə həmçinin Stiven Bakster (2005-ci ildən, “Krusayder”, Şimali İrlandiya) və Suet-Fai Li (2006-cı ildən “Uinq Yi” Yi, Honq Konq) daxil olub.

Qeyd edək ki, siyahı tərtib edilərkən dünyanın əksər ölkələrinin ən yüksək liqasından üçüncü liqasına kimi klubların məşqçiləri nəzərə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir