“Ölkəmizin təsir gücünün artmasından narahat olanlar gün sayırlar. Amma xalqımız onları sevindirməz”.

“Ağdam tv” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib.

Onun sözlərinə görə, müxalifətin yeganə dərdi Türkiyənin indiyə qədər əldə etdiklərini məhv etməkdir: “Onlar Türkiyəni yarım əsr geri aparmaq istəyirlər. Onları millətin rifahı düşündürmür. Ona görə indiyədək heç bir sahədə, o cümlədən səhiyyədə, təhsildə, kənd təsərrüfatında heç bir iş görməyiblər”.

Ərdoğan, həmçinin müxalifətlə hazırkı iqtidarın fərqini də izah edib: “Biz inşa edirik, onlar isə dağıdırlar”.

Prezident qeyd edib ki, xalq və hakimiyyət seçkilərədək gecə-gündüz çalışmalıdır.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.

Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.

Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir