Azərbaycanda istehlakçılar onlara satılan malın qüsurları ilə bağlı tələbləri o şərtlə irəli sürə bilər ki, həmin qüsurlar zəmanət müddəti ərzində aşkar edilsin.

Bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Qurum bəyan edib ki, əgər əşya üçün zəmanət müddəti müəyyənləşdirilməyibsə, qanunvericiliyə əsasən alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən 2 il ərzində irəli sürə bilər.

Daşınmalı və yaxud poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.

Mövsümi mallar (paltar, xəz məmulatı, ayaqqabı və s.) üçün zəmanət müddəti isə müvafiq mövsümün başlandığı vaxtdan hesablanır.

İstehlakçıların əsas hüquqlarından biri də istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququdur.

Əgər istehlakçı aldığı malda qüsur və yaxud saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və yaxud istehsalçıdan aşağıdakılarından birini tələb edə bilər:

– satış qiymətini uyğun məbləğdə azaltmağı;

– malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və yaxud qüsurların aradan qaldırılması üçün istehlakçının və yaxud üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

– malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

– müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

İstehlakçı qeyd olunan tələbləri irəli sürərkən malı, habelə mala dair qəbz, kassa çeki və yaxud məhsulun həmin satıcıdan alındığını təsdiq edən digər yazılı sənədi təqdim etməlidir.

Qanunvericiliyə əsasən, satıcı (icraçı) lazımi keyfiyyətdə olmayan malı istehlakçıdan geri götürməyə və onun (istehlakçının) tələblərindən birini yerinə yetirməyə borcludur. 

İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və yaxud tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.

Qanunvericilikdə nəzərdə tutulan 14 gün müddət lazımi keyfiyyətdə olan, istifadə olunmamış, əmtəə görünüşü pozulmamış qeyri-qida məhsullarının dəyişdirilməsi və yaxud qaytarılması üçün nəzərdə tutulan müddətdir.

Zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir.

Ekspertiza satıcının hesabına aparılır.

 Malın keyfiyyəti yoxlanılarkən, istehlakçının şəxsən və yaxud nümayəndəsinin iştirak etmək hüququ var.

İstehlakçılar bu cür hallarla qarşılaşdığı zaman tələbləri təmin olunmadıqda Dövlət Xidmətinə elektron poçt (office@competition.gov.az), rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir